YARAT türk sənətçilərinin çoxperspektivlik mövzusuna fokusladığı əsərlərini nümayiş etdirir










Bakı, 2 dekabr, Məmməd Məmmədli, AZƏRTAC
Dekabrın 1-də YARAT Müasir İncəsənət Məkanı “Multiperspektivdə” adlı 17 rəssamın yeni qrup sərgisini təqdim edib.
AZƏRTAC xəbər verir ki, sərgidə Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E.Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuzun son illər yaratdıqları əsərləri yer alıb.
YARAT-ın baş kuratoru Fərəh Ələkbərli sərginin konsepti barədə məlumat verib: “Multiperspektiv anlayışı insanların əsrlər boyu müstəvi üzərində təsvir etdikləri dünyanı üçölçülü səviyyəyə çatdıran bir düşüncə tərzidir. Bu günün özündə belə primitiv düşünən, hadisələrə səthi yanaşan insanlar çox zaman yanlış qərarlar qəbul edir. Sərginin ən ümdə məqsədi insan zəkasını müstəviyə müxtəlif görmə bucaqlarından yanaşmağa çağırış etməkdir”.
Sərginin kuratoru Fırat Arapoğlu “Multiperspektivdə” sərgisinin 1 ilə ərsəyə gəldiyini söyləyib. Bildirib ki, sərgidə bir qrup türk sənətçilərinin çoxperspektivlik mövzusuna fokuslanan əsərləri nümayiş olunur.
Sərgidə diqqət çəkən əsərlərdən biri də Serbiyanın konseptual və performans rəssamı Marina Abramoviçin tələbəsi olmuş Türkiyə əsilli Nəzakət Ekicinin göstərdiyi üç saatlıq performansdır. Sənətçi daş üzərində öz konturlarını cızdıqca üst-üstə geyindiyi 7 ədəd paltarı bir-bir əynindən çıxarır. Hərəkətsiz vəziyyətdə üzündəki donmuş mimika ilə tamaşaçılar arasında əlaqə yaradır, sonra performansı davam etdirir. Sonda o, Qobustandakı qayaüstü rəsmlərə istinad edərək öz çılpaq imicini ortaya qoyur.
Sərgi dünyanı təsvir etmək, onu yenidən qavramaq və habelə hadisələrin necə baş verdiyini izah etmək üçün vertikal metaforalardan istifadə edir.
Qeyd edək ki, 2023-cü il aprelin 30-dək davam edəcək sərgidə film nümayişi, panel müzakirələri və mühazirələr təşkil olunacaq.