"ASAN xidmət" seçicilərin yaxınlaşıb öz məlumatlarını yoxlaması üçün bir məkana çevriləcək
Bakı, 8 yanvar, AZƏRTAC
“Artıq "ASAN xidmət" mərkəzlərində seçicilərin adlarını seçici siyahılarında yoxlaması üçün yeni bir imkan təqdim olunur. Mərkəzi Seçki Komissiyası ilə "ASAN xidmət"in birgə layihəsi olan innovativ həll bir neçə gündür fəaliyyət göstərir. Adlarını həmin sistemdə yoxlayan seçicilər bununla bağlı bizə məlumat verirlər. Biz də sistemin bu qədər sərbəst, səlis, hətta mükəmməl olmasının canlı şahidi olduq. Ümid edirəm ki, vətəndaşların müxtəlif xidmətlər aldığı "ASAN xidmət" seçicilərin yaxınlaşıb öz məlumatlarını yoxlaması üçün bir məkana çevriləcək”.
AZƏRTAC xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
MSK-nın hər zaman informasiya-kommunikasiya texnologiyalarının mütərəqqi innovativ imkanlarından bəhrələnməyə çalışdığını deyən R.Qasımov bildirib: "Belə imkanlar baxımından "ASAN xidmət" nəinki Azərbaycanda, eyni zamanda, bütün dünyada öz dəst-xəti ilə seçilən qurumdur. Biz də "ASAN xidmət" imkanlarından, mütərəqqi innovasiyalardan istifadə etməyə çalışdıq. İndiyədək "ASAN xidmət"lə müxtəlif layihələr çərçivəsində bir araya gəlmişik, bundan sonra da müxtəlif layihələrdə yaxından əməkdaşlıq edəcəyik".
R.Qasımovun sözlərinə görə, seçicilərə öz adlarını seçici siyahısında yoxlamaq üçün təqdim edilən digər ənənəvi məkanlar da var: "Seçicilər, eyni zamanda, dairə və məntəqə seçki komissiyalarına baş çəkə , MSK-nın Qaynar xəttinə, internet səhifəsinə müraciət edə bilərlər. Səsvermə gününə 25 gün qalmışadək seçicilər bütün vasitələrdən istifadə etməklə öz məlumatlarını yoxlaya bilərlər. Onları bütün bu imkanlardan yararlanmağa dəvət edirəm".