CƏMİYYƏT
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Azərbaycan Avtomobil Yollarının 100 illik yubileyi ilə əlaqədar olaraq qanvermə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində dövlət agentliyinin, Azərbaycan Talassemiya Federasiyasının və Qan Donorları Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.
Aksiyada məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan
qan analizi götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Qeyd olunub ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.
Aksiyada iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi, agentliyin aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli tədbirə qoşulublar.