ABA üzvləri tərəfindən Türkiyəyə əlavə dəstək göstərilməsi müzakirə olunub
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda fevralın 6-da qardaş Türkiyədə çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi müzakirə edilib.
Müzakirələr zamanı ABA üzvləri tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum - AFAD) ianələr edilməsinə başlandığı qeyd edilərək, bütün üzvlərin bu prosesə qoşulmasının vacibliyi vurğulanıb. İclasda ABA üzvləri tərəfindən AFAD-ın hesabına ianələr edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
Xatırladaq ki, fevralın 8-də ABA Rəyasət Heyəti yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən AFAD-a ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmaması barədə qərar qəbul edib.
Əlavə olaraq qeyd edək ki, ABA-ya üzvü olan “Ziraat Bank Azərbaycan” ASC və “YapıKrediBank Azərbaycan” ASC tərəfindən AFAD-da müvafiq hesab açılıb.
Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyənin yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.
Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!