SİYASƏT
ABDULLAH GÜL CƏNUBİ QAFQAZDA “DONDURULMUŞ” MÜNAQİŞƏLƏRİN HƏLLİ ÜÇÜN TƏDBİRLƏR GÖRMƏYƏ ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül dünya ictimaiyyətini gələcəkdə Cənubi Qafqazda yeni müharibələrə səbəb ola biləcək “dondurulmuş” münaqişələrin həlli üçün tədbirlər görməyə çağırmışdır.
Türkiyənin dövlət başçısı Ankaranın irəli sürdüyü Qafqazlarda sabitlik platformasının bütün bölgəni əhatə edəcəyini və sülhün bərqərar olmasında mühüm rol oynayacağını söyləmişdir. “Bizim heç bir ölkə ilə düşmənçiliyimiz yoxdur” - deyən Abdullah Gül ölkəsinin bütün qonşuları ilə əməkdaşlıq və sülh şəraitində yaşamağı arzu etdiyini bildirmişdir.
Abdullah Gül jurnalistlərin suallarına cavabında Ermənistan prezidentinin Yerevanda keçiriləcək Türkiyə-Ermənistan futbol matçına dəvətini dəyərləndirdiyini də demişdir. O, ABŞ-ın guya İranla enerji sahəsində əməkdaşlıq sazişi imzalamaması üçün Ankaraya təzyiq etməsi barədə yayılan xəbərləri də təkzib etmişdir. Prezident bildirmişdir ki, həmin sənəd hazır olmadığı üçün imzalanmamışdır və hər iki ölkənin nazirləri bu işi tezliklə başa çatdıracaqlar.