ABŞ AZƏRBAYCANIN QLOBAL TERRORİZMLƏ MÜBARİZƏDƏ İŞTİRAKINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Səfərlərindən məqsəd noyabrın 6-da ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi, enerji layihələri ilə yaxından tanış olmaq, eləcə də Azərbaycanın terrorizmlə mübarizədə və dünyada sülhün təminatında oynadığı rolu müzakirə etmək olduğunu qeyd edən Respublikaşılar Partiyasından konqresmen D. İssa Bakıda olduqları müddətdə Prezident İlham Əliyevin onları qəbul etdiyini, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, siyasi partiyaların nümayəndələri ilə görüşdüklərini diqqətə çatdırmışdır.
Parlament seçkilərinin azad və ədalətli keçıriləcəyinə ümidvar olduğunu vurğulayan Demokratlar Partiyasından konqresmen Loretta Sançez seçkiqabağı təbliğat kampaniyasında namizədlərə ödənişsiz efir vaxtının ayrılmasını yüksək qiymətləndirmişdir. Bu təcrübənin hətta ABŞ-da belə olmadığını söyləyən ABŞ Konqresinin nümayəndələri bu günlərdə yerli kanalların birinin ödənişli efir vaxtının qiymətini endirməsini də alqışladıqlarını vurğulamışlar. Qonaqlar bildirmişlər ki, ABŞ-da seşkiqabağı təbliğat kampaniyalarında həmişə bunun əksi müşahidə olunur.
Seçkilərdə məğlub olan tərəf həmişə seçkilərin azad və ədalətli olmadığından danışırlar. Bu cür hallara ABŞ-da da rast gəlindiyini vurğulayan D.İssa, seçkilərin problemsiz keçməsinin qeyri-mümkünlüyünü bildirmişdir.
Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın qlobal terrorizmlə mübarizədə, dünyada sülhün və təhlükəsizliyin təminatında fəal iştirakına görə təşəkkür etdiklərini söyləyən konqresmenlər, ölkələrinin bü cür strateji əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirmişlər. Konqresmenlər, həmçinin bu yaxınlarda ABŞ-da baş vermiş qasırğanın nəticələrinin aradan qaldırılmasına göstərdiyi yardımlara görə Azərbaycana minnətdarlıqlarını ifadə etmişlər.