ABŞ-da təşkil olunan STEM kursları elm və təhsildə irqi fərqləri aradan qaldırır
Bakı, 20 fevral, AZƏRTAC
ABŞ-da təşkil olunan STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) kursları elm və təhsildə irqi fərqləri aradan qaldırır. Bluminqtonda yerləşən İndiana Universiteti ağdərili və Asiya mənşəli insanların IQ göstəricilərinin qaradərili insanlardan üstün olması haqqında stereotipləri alt-üst edir.
AZƏRTAC “Sciencenews” portalına istinadla xəbər verir ki, amerikan alimləri bu sahədə geniş tədqiqatlar aparırlar. İndiana Universitetinin professoru Elizabet Kanninq və həmkarları 15 fənn üzrə təşkil etdikləri kurslara Afrikadan gəlmiş, habelə Şimali Amerika ölkələrinin vətəndaşları olan qaradərili gəncləri də cəlb ediblər. Digər paralel siniflərdə isə ağdərili və Asiya mənşəli tələbələr eyni fənlərdən hazırlıq keçiblər. Elmi Nailiyyətlər üzrə Amerika Assosiasiyasında tədqiqatın nəticələrini təqdim edən Kanninq bildirib ki, hər iki qrupdakı gənclər göstərilən fənlər üzrə yüksək nəticələr əldə ediblər.
Tədqiqatın nəticələrinə görə, ABŞ-ın 150 kollecində təşkil olunan kursların 15 min məzunu arasında ən yüksək nəticələr göstərənlərin 1600 nəfəri qaradərili, ispan mənşəli və ağdərili amerikalılardan ibarət olub. Onlar STEM fənlərini ən yüksək səviyyədə mənimsəyiblər. Ən başlıcası isə, burada irqi, cinsi və yaş həddi amilləri keç bir rol oynamayıb. Lakin burada amerikan vətəndaşlarının ümumi göstəricilər üzrə əldə etdikləri cüzi üstünlük ( 0,19 GPA əmsalı) həmin gənclərin körpəlik illərindən təhsil sisteminə cəlb olunması ilə bağlıdır. Afrika ölkələrində isə bir çox azyaşlılar erkən təhsildən məhrumdurlar.
Kolumbiya ştatındakı Missuri Universitetinin professoru Devid Qeri bildirib ki, insanların IQ əmsalının irqi və cinsi amillərlə əlaqələndirilməsi doğru deyil. Onun sözlərinə görə, uşaqlıq illərindən keyfiyyətli təhsilə cəlb olunan hər bir insan elmdə və təhsildə yüksək nəticələr qazana bilər.