ABŞ-DAKI AZƏRBAYCAN MƏDƏNİYYƏT OCAĞI NOVRUZ BAYRAMINI QEYD ETMİŞDİR
Vaşinqtonda və ətraf ştatlarda yaşayan soydaşlarımızı birləşdirən Azərbaycan Mədəniyyət Ocağı 1984-cü ildə yaranmışdır və o vaxtdan Novruz bayramını daim qeyd edir. Bayram əhval-ruhiyyəsi dəyişməzdir. Dəyişən yalnız şənliyə qoşulanların sayıdır. İcma ildən-ilə genişlənir, qüvvətlənir.
İndiki bayram tədbirində də əsas yer uşaqlara verilmişdi. Göy qurşağının bütün rənglərinə boyanan yumurta döyüşündə özlərini sınadıqdan sonra müsabiqəyə qoşulmuşdular. Onların arasında keçirilən Novruza dair sual-cavab oyunu, söylədikləri şeirlər, oxuduqları mahnılar xüsusi ovqat yaradırdı.
Şənlikdə amerikalı qonaqlar da məharətlərini göstərdilər. Balaca Marko yenicə öyrəndiyi Azərbaycan dilində sayaraq, hamının alqışlarını qazandı.
Baharın gəlişini qeyd etməklə yanaşı, cari işlər də yaddan çıxmırdı. Mədəniyyət Ocağı İdarə heyətinin üzvləri gələcək planlardan danışdılar. Qərara alındı ki, Amerikada Azərbaycanın tarixi və mədəniyyətini təbliğ edəcək ədəbi gecələr keçirilsin, ABŞ-dakı digər Azərbaycan icmaları ilə əlaqələr möhkəmləndirilsin.
Dünya azərbaycanlılarının II qurultayından gələn xəbərlər soydaşlarımızı diaspor quruluşu istiqamətində səyləri artırmağa ruhlandırmışdır. Azərbaycan Mədəniyyət Ocağı İdarə heyətinin üzləri AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə fikirlərini bölüşdülər.
Bədir Məmmədli: “Dünya azərbaycanlılarının II qurultayını internet vasitəsilə yaxından izləyirdim. Soydaşlarımızın və Prezident İlham Əliyevin çıxışını böyük maraqla qarşıladım. Ümid edirəm, belə toplantılar xaricdə yaşayan Azərbaycan diasporunun möhkəmlənməsində böyük rol oynayacaqdır”.
Rza Sələşur: “Azərbaycanlılara aid məsələlər Bakıda müzakirə olunmasa, bəs, harada müzakirə olunmalıdır? İlham Əliyev bütün dünyada yaşayan azərbaycanlıların Prezidentidir. Bakı bizim hamımızın paytaxtıdır. Gərək, belə qurultaylar tez-tez keçirilsin, orada Qarabağa, dünyada yaşayan azərbaycanlılara dair müvafiq qərarlar qəbul edilsin”.