ABŞ-ın İllinoys Universitetində 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bakı, 14 noyabr, AZƏRTAC
ABŞ-ın İllinoys Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Victory Day and Culture Festival” (“Qələbə Günü və Mədəniyyət Festivalı”) adlı tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İllinoys Universitetinin professor-müəllim heyəti və tələbələri, eləcə də yerli və xarici icma nümayəndələri, habelə ştatın digər universitetlərində təhsil alan azərbaycanlı tələbə təşkilatlarının üzvləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak ediblər.
İkinci Amerika Azərbaycan Gənclər Forumunun iştirakçıları, universitetdə fəaliyyət göstərən gənclər təşkilatının idarə heyətinin üzvləri, tədbirin təşkilatçıları Riyad Babayev və Könül Adıgözəlova, həmçinin İdarə Heyətinin digər üzvləri Elman Gözəlov, Fəxrəddin Eminli, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər.
Tədbirdə Zəfər tarixinə həsr olunan videoçarxlar, Azərbaycanla bağlı məlumatlar, milli musiqi və rəqslərimiz, təbliğat materiallarından ibarət sərgi və milli mətbəximizdən nümunələr təqdim olunub.
Sonda səfirliyin nümayəndələrinə və Fərid Məmmədova təşəkkürnamələr, tədbir iştirakçılarına isə hədiyyələr verilib.