ABŞ-IN MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNMUŞDUR
İyulun 3-də Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin 227-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə Amerika dəniz piyadalarının Azərbaycandakı briqadası tərəfindən ABŞ-ın bayrağı mərasimə gətirildi, Birləşmiş Ştatların və Azərbaycanın dövlət himnləri səsləndirildi. Mərasimdə çıxış edən respublika Milli Məclisinin sədri Murtuz Ələsgərov Azərbaycan Prezidenti Heydər Əliyevin adından mərasim iştirakçılarını təbrik etdi, Amerika xalqına sülh və əmin-amanlıq arzuladı. Parlamentin sədri dedi ki, Prezident Heydər Əliyev əlamətdar hadisə ilə əlaqədar olaraq ABŞ Prezidenti Corc Buşu təbrik etmiş və ona Azərbaycan xalqının xoş arzularını çatdırmışdır. Milli Məclisin sədri qeyd etdi ki, ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra yaranmışdır, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra isə bu əlaqələrə xüsusi əhəmiyyət verilmişdir. Natiq vurğulamışdır ki, hazırda iki ölkənin əməkdaşlığı yeni mərhələyə, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. ABŞ Konqresinin Azadlığa Dəstək Aktına 907-ci əlavəsinin hüquqi qüvvəsi dayandırıldıqdan sonra ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı daha yüksək vüsət almışdır. Nitqinə davam edən Murtuz Ələsgərov ABŞ-la Azərbaycan arasında parlamentlərarası əlaqələrin də genişləndiyini qeyd etmişdir. Parlamentin sədri ölkələrimiz arasındakı münasibətlərin durmadan inkişaf etməsində Azərbaycan Prezidenti Heydər Əliyevin xüsusi rolunu, ABŞ-a səfərlərinin və həmin ölkənin rəhbərləri ilə apardığı danışıqların böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Mərasimdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Nensi Makeldaunin çıxış edərək bildirmişdir ki, söz, etiqad, azad seçim kimi azadlıqlar və onların toxunulmazlığına olan inam ABŞ-ın inkişafını formalaşdırmışdır. Demokratiya, dözümlülük və hər bir şəxsin hüquqlarının qorunması uğrunda mübarizə və insanlara qulluq edən cəmiyyətin yaradılması Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı strateji əməkdaşlığın və dostluğun özəyidir. ABŞ diplomatı qeyd etmişdir ki, bu gün Kosovada, Əfqanıstanda həmin azadlıqları qorumaq üçün Amerika və Azərbaycan əsgəri çiyin-çiyinə xidmət göstərir. Biz tezliklə bunun İraqda da şahidi olacağıq. Tədbirdə Prezidentin İcra Aparatının məsul işçiləri, nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı diplomatik missiyalarının rəhbərləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.