ABŞ-IN POPULYAR ESTRADA ARTİSTİ AZƏRBAYCANDA QASTROLLARA BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Bakı Caz Mərkəzində ABŞ-ın populyar estrada artisti Renni Kaufman Bakıda və Azərbaycanın bölgələrində verəcəyi konsertlər ərəfəsində mətbuat konfransı keçirmişdir.
O bildirmişdir ki, ABŞ səfirliyinin dəvəti ilə artıq ikinci dəfədir Bakıya gəlir. Təşkilatçıların şərtlərinə görə, Gəncə, Şəki, Mingəçevir və Sumqayıtda qaçqınlar və məcburi köçkünlər üçün konsertlər verəcəkdir. Musiqiçilər arasında “orkestr-adam” adlandırılan R.Kaufman Buzovna və Mərdəkanda internat məktəblərinin uşaqları üçün də proqram hazırlamışdır.
Qonağın sözlərinə görə, Azərbaycan cazı Avropa və Amerika musiqiçiləri üçün əlverişli zəmindir. Vaqif Mustafazadənin istedadının pərəstişkarı olan musiqiçi onun qızı Əzizənin musiqi aləmində böyük nüfuz sahibi olduğunu vurğulamışdır.
Bir il əvvəl Bakıda çıxış edən R.Kaufman birinci dəfə dinlədiyi muğama heyran qaldığını bildirərək demişdi: “Mən muğama məftun oldum. Birləşmiş Ştatlara qayıtdıqdan sonra Amerika-Azərbaycan Ticarət-Sənaye Palatasının nümayəndələrinə müraciət etdim ki, məni muğamı öyrənməyimə kömək edə biləcək mütəxəssislə tanış etsinlər. Belə mütəxəssis tapıldı. O, Detroytda yaşayan İran mənşəli azərbaycanlı professordur. O, muğam texnikasına yiyələnməkdə mənə kömək edəcəkdir və yəqin ki, növbəti səfərimdə bu gözəl əsərlərdən birini artıq ifa edə biləcəyəm”.
Amerika musiqiçisinin qastrolları oktyabrın 9-da başa çatacaqdır. O, konsertlərdə Brodvey, Mutaun, Biq-Bend, Disko stillərində caz kompozisiyaları ifa edəcəkdir. Lakin R.Kaufman etiraf etmişdir ki, daha çox Kantri stilini sevir.
Oktyabrın 2-də musiqiçi Bakı Caz Mərkəzində solo proqramla çıxış etmişdir.