ABŞ Konqresi Tramp Administrasiyasının Paris Sazişindən çıxmasına imkan verməyən qətnamə qəbul edib
Vaşinqton, 3 may, AZƏRTAC
ABŞ Konqresində Ağ Evin 2020-ci ildən etibarən atmosferdə karbon qazının azaldılması tədbirlərini tənzimləyən Paris Sazişindən çıxmasına imkan verməyən “İqlim dəyişmələri haqqında akt”ın qəbul edilməsinə dair səsvermə keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sənədin qəbul edilməsinin “lehinə” 231, “əleyhinə” 190 konqresmen səs verib. Yeni qanun layihəsinə əsasən İqlim Dəyişmələri barədə Paris Sazişinə uyğun olaraq, Birləşmiş Ştatların bu işə müəyyən töhfə verə bilməsi üçün ABŞ Prezidenti hər il müvafiq plan hazırlamalı və onu yeniləşdirməlidir. Həmin planda 2025-ci ilə qədər istixana qazlarının tullantılarını 2005-ci ilin səviyyəsi ilə müqayisədə 26-28 faiz azaldılması üçün görüləcək tədbirlər təsvir edilməli və bu sazişin iqtisadi cəhətdən inkişaf etmiş digər üzvləri özlərinin elan etdiyi tədbirləri həyata keçirmələrini təsdiq etməlidir. Bundan əlavə, qanun layihəsi həmin sazişdən çıxmaq üçün federal vəsaitlərdən istifadə olunmasını qadağan edir.
İndi qanun layihəsi Senata göndəriləcək. Konqresin yuxarı palatasında respublikaçıların çoxluq təşkil etməsinə baxmayaraq orada bu sənədi səs çoxluğu ilə qəbul edə bilərlər.
İqlimə təsirin məhdudlaşdırılması barədə tərəflərin üzərinə öhdəlik qoyan bu müqaviləyə ABŞ Barak Obamanın dövründə - 2015-ci ilin dekabr ayında, qoşulub. Donald Tramp hələ prezidentliyə namizəd olduğu vaxtlarda ABŞ-ın Paris Sazişində iştirakını tez-tez tənqid edir, bu faktı Birləşmiş Ştatlar üçün böyük ədalətsizlik adlandırırdı. Ağ Evin indiki Administrasiyasının işinin lap əvvəlindən vurğulanırdı ki, ABŞ bu sazişdən çıxa bilər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton