ABŞ VƏ İSRAİL İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATA BAŞLAMAQ ÜÇÜN YENİ DƏLİLLƏR TAPMIŞLAR
İsrail hökuməti isə bildirmişdir ki, İran nüvə silahı yaradılması üçün zəruri avadanlıq üzərində işləri gələn il başa çatdıracaqdır. Hakimiyyət nümayəndəsi demişdir: “İran dönməzlik nöqtəsini artıq keçmişdir. Ona qarşı bacardıqca tezliklə tədbirlər görülməlidir”.
Xəbər verildiyi kimi, İrana nüvə silahı yaratmaq üçün azı iki il vaxt lazımdır. Lakin kəşfiyyatın məlumatına görə, İran alimlərinə uranın saflaşdırılması avadanlığını təkmilləşdirmək üçün cəmi bir neçə ay gərəkdir.
Qəzet hesab edir ki, bu, BMT-yə iş üçün az vaxt verir, lakin bu halda da hərbi zərbələr İranın nüvə proqramını dayandırmaq üçün yeganə vasitə olaraq qalır. İsrail bildirmişdir ki, dünya bir tədbir görməsə, İrana qarşı öz hərbi əməliyyatına başlayacaqdır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Adam Ereli jurnalistlərə bildirmişdir ki, ABŞ İranın yeni silah sistemlərini sınaqdan çıxardığı barədə xəbərlərdən narahatdır. O demişdir: “Buraya gizli nüvə araşdırmaları, terrorizmin dəstəklənməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin və BMT Təhlükəsizlik Şurasının irəli sürdükləri tələblərin yerinə yetirilməməsi də əlavə edilsə, onda İran rejiminin siyasətindən və hərəkətlərindən bizim nə üçün belə narahat olduğumuz aydınlaşar”.
“İnterfaks” agentliyi xəbər verir ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirə bilməsinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Yuri Baluyevski də əmindir.
Moskva Siyasi və Hərbi Təhlil İnstitutu analitik şöbəsinin müdiri Aleksandr Xramçixin hesab edir ki, ABŞ İran ərazisindəki obyektlərə havadan zərbə endirmək üçün texniki vasitələrə malikdir, lakin belə hərəkətlərin nə ilə nəticələnəcəyini öncədən söyləmək çətindir. Ekspertin sözlərinə görə, ABŞ İranın nüvə sənayesinin bütün obyektlərinin ona məlum olduğuna tam əmin deyildir. O demişdir: “Bundan başqa, İran ABŞ-a asimmetrik cavab verə bilər, məsələn, Hörmüz boğazında tankerlərin yolunu kəsər və ya İraq şiələrini üsyana qaldırar”.
İranın nüvə obyektlərinə zərbələr endirilməsinin mümkünlüyünü Rusiya Hərbi Elmlər Akademiyasının prezidenti, ordu generalı Mahmud Qareyev də istisna etmir. O demişdir: “ABŞ beynəlxalq ictimai rəyi özünün İraq və Əfqanıstandakı uğursuzluqlarından yayındırmaq və gücünü bir daha nümayiş etdirmək üçün İrana qarşı güc metodlarına əl ata bilər. Bu halda İran Fars körfəzində bir sıra əks-tədbirlər görəcəkdir”.
Tehran isə bu hədə-qorxularla əlaqədar bəyan edir ki, ölkənin Fars körfəzindəki mənafelərinə azacıq belə sui-qəsdə İranın silahlı qüvvələri sudan, suyun altından, havadan, adalardan və sahildən tutarlı cavab verəcəkdir. Bu bəyanatla İran donanmasının kontr-admiralı Məhəmməd Dehqani çıxış etmişdir.