Abşeron rayonunun “Milli naxışlar”ı Sumqayıtda
Sumqayıt, 12 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Sumqayıtdakı “28 may” Mədəniyyət Evində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xalq çalğı alətləri orkestri və xorunun "Milli naxışlar” adlı bədii proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsert-kompozisiyanın açılışında çıxış edən məktəbin direktoru, Əməkdar Müəllim İkram Manafov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, təqdim olunan proqram il ərzində bütün regionlarda, hətta qardaş Türkiyə və Gürcüstanda da nümayiş etdiriləcək.
Dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov və Şəfiqə Axundovanın əsərləri, eləcə də muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov belə tədbirlərin keçirilməsinin böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında, dünyagörüşündə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.