REGİONLAR
Abşeronda "Alovlu Qafqaz” III uşaq–gənclərin folklor rəqs və yaradıcılıq festivalı keçirilib
Xırdalan, 6 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon Mədəniyyət Mərkəzində “Alovlu Qafqaz” III uşaq-gənclərin folklor rəqs və yaradıcılıq festivalı keçirilib. Festival Abşeron Rayon İcra Hakimiyyəti və Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda Abşeron Rayon Mədəniyyət Mərkəzinin, Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin və Novxanı kənd Sənətkarlıq klubunun kollektivləri, Tbilisidən "Mermisi”, "Assas fesvebi”, Qori şəhərindən "Karveti”, Borjomidən "Mermisi” qrupları bir-birindən maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.
Ölkəmizin tarixi irsi, mədəniyyəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folklorunu dərindən öyrənmək məqsədilə keçirilən rəqs bayramı, eyni zamanda, mədəni irsin uşaq və gənclər arasında daha geniş təbliğinə, rəqslərimizi tanıtmağa, xoreoqrafiya sənətini daha da inkişaf etdirməyə, beynəlxalq mədəni əlaqələri gücləndirməyə imkan verəcək.
Festivalın təşəbbüskarı Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədovdur.