AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBLƏRİNDƏ 12 MİN UŞAQ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin nəzarətçisi Berit Mortensenin AFFA- nın saytında geniş müsahibəsi yer almışdır.
Berit Mortensen bildirmişdir ki, Danimarkada “Kəsişən mədəniyyətlər proqramı” üzrə fəaliyyət göstərsə də onun məşğuliyyət dairəsinə Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin icrası da daxildir. Bu layihə Balkan ölkələrində, eləcə də Qafqaz bölgəsində həyata keçirilir. Çox yaxşı haldır ki, AFFA rəhbərliyi bu proqramın Azərbaycanda da reallaşdırılmasında maraqlıdır və bizə dəstək verir. Bu isə ümumi işə müsbət təsir göstərir.
B.Mortensen vurğulamışdır ki, proqramın ən yaxşı reallaşdığı məkan məhz qaçqın və məcburi köçkünlərin yaşadığı bölgələrdir. İndiyədək Azərbaycanın bir çox şəhər və rayonlarında Açıq Əyləncəli Futbol Məktəblərinin açılışı olmuşdur. Bu il isə burada 12 məktəbin açılması planlaşdırılır. Məktəblərdən 7-8-i qaçqın və məcburi köçkünlərin məskunlaşdığı regionlarda açılacaqdır. Məqsədimiz peşəkar futbolçu hazırlamaq deyildir. Biz yalnız məktəblərdə iştirak edən uşaq və yeniyetmələr arasında dostluq yaradırıq. Onların bir-biri ilə daha yaxından tanış olmasına, eləcə də gələcəkdə sıx əlaqə qurmalarına çalışırıq. Azərbaycana səfərim çərçivəsində Qəbələdə məşqçilər üçün seminar təşkil edilmişdir. Seminarda gürcüstanlı məşqçilər də iştirak edirlər. Oktyabr-noyabr aylarında qadınlar üçün təşkil ediləcək seminarda isə digər ölkələrin də nümayəndələrinin iştirakı gözlənilir.
Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin nəzarətçisi söyləmidir ki, proqramın icrası üçün AFFA ilə sıx əməkdaşlıq edirik. Qəbələdə keçirdiyimiz seminardan sonra bir daha əmin oldum ki, Azərbaycanda layihəni davam etdirmək vacibdir. Məlumatım var ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” imzalamışdır. Artıq 6 ildir ki, Azərbaycanda layihəmiz icra edilir və bu müddət ərzində 12 min uşaq Açıq Əyləncəli Futbol Məktəblərində iştirak etmişdir. Ümidvaram ki, qarşıdakı illərdə də daxili imkanlar hesabına layihəmizi ölkənizdə reallaşdırmaqda davam edəcəyik. Bu, gələcək nəsilin fiziki sağlamlığı üçün çox lazımdır.