ADA Universitetində oftalmoloji seminar və müayinə aparılıb
Bakı, 25 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən ADA Universitetinin tələbələri üçün akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya və seminar keçirib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Sona İbrahimova, ADA Universitetinin təşkilat nümayəndəsi Mehdi Hüseynov və universitetin əcnəbi tələbəsi James Ezimoha çıxış ediblər.
Aksiya çərçivəsində 120 nəfər müayinə olunub, onların 95-də refraksiya patologiyası aşkar edilib. Müayinə edilənlər arasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdən ibarətdir.
Müayinələri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Sona İbrahimova, Nuranə Nuriyeva, rezident Cəmilə Qasımova və başqaları aparıblar.