REGİONLAR
ADAU-da ictimaiyyət nümayəndələri imtahan sessiyasını izləyə biləcəklər
Gəncə, 7 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 7-dən başlayan imtahanların gedişinə operativ nəzarəti və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil olunub. Həmçinin valideynlərin, KİV və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasının gedişində iştirakına şərait yaradılıb.
Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanlar test və yazılı formada təşkil edilir.
Universitetin rektoru Zəfər Qurbanov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. O bildirib ki, imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün texniki-təşkilati işlər yüksək səviyyədə aparılıb. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqlar mövcud qaydada araşdırılacaq və həll ediləcək.
Qeyd edək ki, imtahan sessiyası fevralın 5-də başa çatacaq.