ADAU-da yeni dərs vəsaitlərinin təqdimatı olub
Gəncə, 6 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində 3 yeni dərslik və dərs vəsaitinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu kitablar Elektrik mühəndisliyi kafedrasının əməkdaşları Elçin Atayevin “Elektrik intiqalı”, Bəhruz Əliyevin “Sahə texnologiyası” və Rasim Paşayevin “Kənd təsərrüfatında elektrik avadanlıqları” adlı dərs vəsaitləridir.
Təqdimat mərasimində çıxış edən universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsi əməkdaşlarının elmi-nəzəri fəaliyyətlərini yüksək qiymətləndirib. Rektor bununla yanaşı, elmi-tədqiqat işlərinin sayının artırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə universitetdə atılan addımları diqqətə çatdırıb.
Sonra ADAU əməkdaşları Camaləddin Məmmədov, Siyasət Məmmədov və Fəxrəddin Yusibov çıxış edərək kitabın “elektrik və elektronika mühəndisliyi”, “energetika mühəndisliyi”, “aqromühəndislik” və “proseslərin avtomatlaşdırılması” ixtisaslarının tələbələri üçün önəmi barədə məlumat veriblər.