REGİONLAR
ADAU “Eko” klubun üzvləri ekoloji monitorinq keçirib
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Eko” klubu ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, həmçinin müxtəlif ixtisaslardan olan tələbələrin bu sahəyə marağının artırılması məqsədilə silsilə tədbirlərə start verib.
ADAU-dan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə ilk tədbir universitetin Tədris-təcrübə təsərrüfatında Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Məşədi Hüseynov ilə birlikdə həyata keçirilib. “Eko” klubun könüllüləri ilə birlikdə əkin sahələrinə baxış keçirilib, qiymətləndirmələr aparılıb.
Məşədi Hüseynov tələbələrə yaz qabağı əkinlərdə həyata keçirilən şumlanma prosesi, torpağın əkinə hazırlanması və bu zaman diqqət edilməli məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, “Eko” klubun yaradılmasının məqsədi, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırmaqdır.