“Adjara P.S.” qəzeti Azərbaycana xüsusi buraxılış həsr edib
Batumi, 29 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetinin xüsusi buraxılışında Azərbaycandan bəhs edən “Yol və körpü vasitəsilə dostluq” adlı geniş material dərc olunub.
Qəzetin xüsusi buraxılışında Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytındakı “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı məqaləsi gürcü dilində verilib. Həmçinin Azərbaycan xalqının milli-mədəni ənənələri, ədəbiyyatı və tarixi, o cümlədən, turizmin inkişafı haqqında məlumatlar yerləşdirilib.
Xüsusi buraxılışın əsas məqsədi oxucuları ölkəmizlə daha yaxından tanış etmək, onları Azərbaycan ilə Gürcüstan arasında mövcud dostluq, mədəni və iqtisadi əlaqələr, müxtəlif sahələrdə qazanılmış nailiyyətlər barədə məlumatlandırmaqdır.
Qəzetdə Gürcüstanda, eləcə də Acarıstanda yaşayan azərbaycanlıların mədəniyyəti, adət- ənənələri, maraqları və həyat tərzi geniş təbliğ olunacaq. Bu kimi məlumatlar ayda bir dəfə xüsusi buraxılış vasitəsilə oxuculara təqdim ediləcək.
Onlara Azərbaycanın Batumidəki Baş konsulluğunun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı da yaradılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi