MƏDƏNİYYƏT
ADMİU-nun müəllimləri Uşaq İncəsənət Məktəbinin şagirdləri üçün ustad dərsləri keçəcəklər
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi və kollektivi, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ADMİU tələbələrinin istehsalat təcrübəsi üçün məktəbdə xüsusi proqramların təşkili, caz musiqisinin tədrisinin təkmilləşdirilməsi və bu sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. Bundan əlavə, universitetin təcrübəli müəllimləri tərəfindən məktəbin şagirdləri üçün ustad dərslərinin təşkili, məktəb müəllimlərinin ixtisasartırma təlimlərinə cəlb edilməsi, həmçinin tədris proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Tərəflər arasında yaradıcı dərslərin keçirilməsi və tədris sahəsində əməkdaşlığın gücləndirilməsi qarşıya əsas məqsəd kimi qoyulub. Bu əməkdaşlığın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.