ELM VƏ TƏHSİL
ADMİU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək



Bakı, 9 iyun, AZƏRTAC
Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngör Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, universitetin rektoru professor Ceyran Mahmudova ilə keçirilən görüşdə qonağa bu ali təhsil ocağı haqqında məlumat verilib. Rektor ADMİU-nun Türkiyənin bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini söyləyib. Ceyran Mahmudova Üsküdar Universiteti ilə də ölkələrimizə fayda verəcək və əməkdaşlığı daha da möhkəmləndirəcək layihələr icra ediləcəyinə əminliyini bildirib.
Üsküdar Universitetinin rektoru Nazife Güngör də rektor kimi ilk səfərini Azərbaycana, ADMİU-ya etməkdən məmnun olduğunu bildirib. Tərəflər arasında birlikdə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, birgə seminar, konfrans, müsabiqə və tələbələrin şəxsi işlərinin sərgilərinin təşkili, animasiya, audiovizual sənətlər istiqamətində mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, gənc müəllimlərin təliminin təşkili, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və sair məsələlər müzakirə edilib.