ADNSU ilə Heydər Əliyev adına NEZ arasında əməkdaşlıq haqqında razılıq əldə olunub
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) müəssisə rəhbərliyi ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, zavodun baş direktoru Elman İsmayılov rəhbərlik etdiyi müəssisənin universitetlə əlaqələrindən danışıb. Hazırda ADNSU-nun 200-dək tələbəsinin zavodda istehsalat təcrübəsi keçdiyini deyən E.İsmayılov onların hazırlıq səviyyəsindən razı qaldığını bildirib. NEZ-də ixtisaslı kadrlara ehtiyac duyulduğunu söyləyən direktor ADNSU ilə əlaqələr sayəsində müəssisənin peşəkar mütəxəssislərlə təmin olunacağına inamını ifadə edib.
Səmimi qəbula görə, zavodun rəhbərliyinə minnətdarlığını bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarına universitet haqqında məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan danışan rektor son illərdə bakalavriat, magistratura və doktorantura səviyyəsində həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli irəliləyişin olduğunu diqqətə çatdırıb. M.Babanlı, həmçinin Azərbaycan-Fransız Universiteti, “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı, ingilisdilli ixtisaslar və s. haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.
Görüşdə neft emalı zavodunda ehtiyac duyulan ixtisaslara uyğun ADNSU-da mütəxəssislərin hazırlanması üçün əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsinə dair razılığa gəliblər.