ADPU-da tələbələrin təhsil fəaliyyətinə dəstək: 14 adlı təqaüd
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin yüksək akademik nəticələrinin stimullaşdırılması və onların təhsil fəaliyyətinin dəstəklənməsi məqsədilə geniş təqaüd imkanları təqdim olunur.
ADPU-dan AZƏRTAC-a verilən məlumata görə, tələbələr dövlət tərəfindən təyin edilən və semestr imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilən adi, həvəsləndirici və əlaçı təqaüdlərlə yanaşı, yüksək akademik göstəriciləri ilə fərqlənərək universitetin 14 adlı təqaüdündən birinə layiq görülmək imkanı əldə edirlər. Semestr imtahanlarının nəticələrinə əsasən universitet, fakültə və ya ixtisas üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik tələbə müvafiq adlı təqaüdü almaq hüququ qazanır.
Adlı təqaüdlər tələbələrə bir semestr müddətində verilir. Bununla yanaşı, ADPU-ya yüksək balla qəbul olunan tələbələr üçün də xüsusi təqaüd imkanları nəzərdə tutulub. Universitetə ən yüksək balla qəbul olunan bir tələbəyə bir il müddətində aylıq 125 AZN məbləğində Firudin bəy Köçərli adına təqaüd təyin edilir. Həmin tələbədən sonra 600 və daha yüksək balla ADPU-ya qəbul olunan 10 nəfər tələbəyə isə bir semestr müddətində aylıq 200 AZN məbləğində “Uğur” təqaüdü verilir.
ADPU-da tətbiq olunan təqaüd imkanları tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə, onların təhsilə marağının artırılmasına və yüksək nəticələrin təşviqinə xidmət edir.