ADPU nümayəndələri sərgidə universitetin təhsil imkanlarını təqdim edirlər
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində iştirak edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADPU-nun sərgi stendinə yaxınlaşan abituriyentlər və valideynlər bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, 2026/2027-ci tədris ili üçün qəbul aparılan ixtisaslar, plan yerləri, ötən ilin keçid balları, yeni açılmış ixtisaslar, təqaüd imkanları, beynəlxalq əməkdaşlıq və tələbə mübadilə proqramları, qarışıq tədris modeli, universitetin müasir infrastrukturu və tələbə həyatı barədə ətraflı məlumat əldə edirlər.
İxtisas seçimi mərhələsində olan abituriyentlər üçün təşkil edilən sərgi ali təhsil müəssisələrinin təhsil imkanları, qəbul olunan ixtisaslar, tədris prosesi və tələbə həyatı ilə yaxından tanış olmaq, habelə gələcək peşə seçimi ilə bağlı daha dolğun məlumat əldə etmək baxımından mühüm platformadır.
Sərgi iyulun 31-dək davam edəcək.