ADU-da Almaniya Bundestaqının Beynəlxalq təqaüd proqramının təqdimatı olub
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Almaniya Bundestaqının Beynəlxalq təqaüd proqramının (IPS) təqdimatı olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Almaniya parlamentinin deputatı Karl-Julian Kronenberq, parlamentin administrasiya üzvü Angelika Pendzix-von Uinter və Almaniya səfirinin müavini Heiko Şvarsla görüş keçirilib.
Görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla Azərbaycanda olan tolerant mühitdən, multikulturalizm hərəkatından danışıb, IPS proqramının əhəmiyyətinə toxunub. Rektor qeyd edib ki, ADU-da alman dilinə böyük maraq var və tələbələr Almaniya mədəniyyətini, tarixini öyrənməyə xüsusi önəm verirlər: “Məhz bu amilləri nəzərə alaraq, ADU-da Germanistika İnstitutu, alman oxu zalı fəaliyyət göstərir. Tələbələr bu institutun və kitabxananın imkanlarından istifadə edir, öz biliklərini genişləndirirlər. Almaniyadan olan tələbələri məmnuniyyətlə qış və yay məktəblərinə dəvət edirik. Müxtəlif ölkələrdən, o cümlədən Almaniyadan olan tələbələr Azərbaycanı sevib öz ölkələrinə dönürlər. Eyni zamanda, Almaniya universitetləri və ictimai qurumları ilə sıx əlaqələrimiz var”.
Almaniya Bundestaqının deputatı Karls-Julius Kronberq ölkəmizdə mövcud olan multikultural mühiti, tolerant münasibətləri yüksək dəyərləndirib. O, Azərbaycanda müxtəlif mədəniyyətləri və dinləri təmsil edən insanların sülh və əmin-amanlıq şəraitində yaşadığını böyük məmnuniyyətlə nəzərə çatdırıb: “Bu yüksək dəyərlər, qarşılıqlı hörmət məni çox məmnun etdi. Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşməkdən çox şadam. Sizin tələbələriniz alman dilinə böyük həvəs və maraq göstərirlər. Bu proqram çərçivəsində yeni nəsil gələcək əlaqələrini qurmağa çalışır”.
Daha sonra qonaqlar universitetdə dərs prosesini izləyib, alman oxu zalında olub, IPS proqramının təqdimatını keçiriblər.