ADU-da “Birgünlük xəlifə”lərin verdiyi bütün qərarlar qəbul edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbədənkənar və genişləndirilmiş iclası keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, iclasda “Birgünlük xəlifə”lərin verdikləri qərarlar müzakirə olunub. Universitetin rektoru, akademik Kamal Abdulla layihənin mahiyyətindən danışıb və hər kəsə təşəkkürünü bildirib. Rektor deyib: “Layihənin uğurla keçirilməsi tələbə-müəllim münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisi, tələbələrin fəallığı isə ictimai şüurun yüksək səviyyəsinin bariz nümunəsidir. Tələbələrin vətəndaş kimi yetişməsində ailə ilə yanaşı, Azərbaycan Dillər Universitetinin də rolu var. Biz bu istiqamətlə əlimizdən gələni edirik. “Birgünlük xəlifə” layihəsi də bu istiqamətdə atılan son dərəcə mühüm addımlardan biridir”.
Daha sonra xəlifə-rektor Salman Quliyev iclasda hesabat verib, verdikləri qərarları səsləndirib. O deyib ki, vəzifə kənardan göründüyü kimi asan deyil, onun ağırlığını və məsuliyyətini ancaq həmin vəzifəni icra edən zaman anlamaq olar.
Sonda xəlifələrin bütün qərarları müzakirə olunub və Elmi Şura tərəfindən təsdiqlənib.