ADU-da “Çin səhnəsində “Arşın mal alan” adlı bədii gecə keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya Teatr Gününə həsr olunmuş “Çin səhnəsində “Arşın mal alan” adlı bədii gecə keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb.
R.Abbasov teatr sənətinin xalqlar arasında sülhün möhkəmləndirilməsinin və qarşılıqlı anlaşmanın vacib vasitəsi olduğunu deyib, Azərbaycan-Çin teatr əlaqələrini inkişaf etdirmək üçün ADU-nun nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs edib. O, həmçinin qeyd edib ki, 1959-cu ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi Eksperimental Teatrında səhnəyə qoyulub. Sonradan Çin Milli Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib. “Arşın mal alan” Çin paytaxtında səhnələşdirilən ilk xarici operettadır. R.Abbasov əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq elmi-praktik teatrların işində Çinin tanınmış teatr xadimləri iştirak edirlər. Azərbaycan teatrının yaradıcı qrupları da ənənəvi ifaçılıq sənət növlərinə həsr olunmuş Çin teatr festivallarında və forumlarında fəal iştirak edirlər.
Gecədə ölkənin musiqi mədəniyyəti tarixində ilk dəfə yazılan “Səyyah Sindibad” əsərinin müəllifi, bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanov çıxış edib. O, multikultural layihə olan rok-operasında dünya klassiklərinin şeirlərindən, Azərbaycan, Çin və digər dillərdə olan mətnlərdən, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərindən istifadə edildiyini söyləyib. R.Sədirxanov yaradıcılıq planlarını bölüşərək, ADU-nun Konfutsi İnstitutunun nümayəndələrinə layihənin həyata keçirilməsində yardım göstərdiklərinə görə təşəkkür edib.
Gecədə Üzeyir Hacıbəylinin ev-muzeyinin nümayəndəsi Aytən Heydərova dahi bəstəkarın həyat və yaradıcılığının parlaq səhifələrindən, onun Avropa klassik və Azərbaycan milli musiqisinin ənənələrini birləşdirən məşhur “Arşın mal alan” operettasının yaranma tarixindən, ilk dəfə səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıb.
Sonda Çin aktyorlarının canlandırdığı “Arşın mal alan” operettası haqqında film nümayiş olunub.