Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir
Bakı, 11 iyun, AZƏRTAC
Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri də Şirvan suvarma kanalının tikintisidir. Bu kanal 204,3 kilometr uzunluğundadır, təxminən 228 min hektar torpaq sahəsinin suvarmasına xidmət edəcək. Layihə çərçivəsində 112 min hektar mövcud torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 106 min hektar yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov iyunun 11-də Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə də infrastrukturun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir. Son dövrdə 26,8 milyon kub həcmi olan Zabuxçay su anbarı, 44,3 milyon kub həcmi olan 3 su anbarı - Suqovuşan, Xaçınçay, Köndələnçay anbarları əsaslı təmir olunaraq istifadəyə verilib. 51,6 kilometr uzunluğunda magistral suvarma xətti çəkilib ki, bunun vasitəsilə Qubadlı və Zəngilan rayonlarının ümumilikdə 12 min hektar əkin sahəsi su ilə təmin edilib.
Fotoqraf – Aydın Məmmədov