ADU-nun 14 tələbəsi pedaqoji təcrübədən mükafatla qayıtmışdır
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı tədris binasının akt zalında Filologiya fakültəsinin, 1 saylı İngilis dili fakültəsinin qiyabi, eləcə də 2 saylı İngilis dili fakültəsinin axşam şöbəsinin III kurs tələbələrinin pedaqoji təcrübəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev, pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev və tələbə-müəllim heyəti iştirak etmişlər.
Pedaqoji təcrübənin tələbələrin həyatında vacib rol oynadığını vurğulayan Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov bildirmişdir ki, tələbələrdən 14 nəfəri pedaqoji təcrübədə olduqları orta məktəb rəhbərlərinin rəğbətini qazanmış, tərifnamə ilə təltif edilmişdir.
34 saylı məktəbdə təcrübə keçən və məktəbin ictimai həyatında fəal iştirak etdiyinə görə tərifnamə ilə təltif edilən filologiya fakültəsinin 356-cı qrup tələbəsi Rauf Pənahəliyev pedaqoji təcrübənin müəllim kimi formalaşmaqda önəmli rol oynadığından danışmışdır. O, təcrübə keçdikləri məktəbdə bir sıra tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda tələbələrin pedaqoji təcrübə fəaliyyətini və məktəblərin ictimai həyatında fəal iştiraklarını özündə əks etdirən video-slaydlar da nümayiş olunmuşdur. Tələbələr pedaqoji təcrübə müddətində biliklərin əldə edilməsində əməyi keçən şəxslərə təşəkkürlərini bildirmişlər.
Sonda F. Cahangirov pedaqoji təcrübəni uğurla başa vuran tələbələrə tərifnamələr təqdim etmişdir.
ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev təcrübə haqqında ətraflı məlumat vermiş, onun 5 həftə davam etdiyini vurğulamışdır.
Qeyd edək ki, pedaqoji təcrübədə filologiya fakültəsinin 180, 1 saylı İngilis dili fakültəsinin 62, 2 saylı İngilis dili fakültəsinin isə 46 tələbəsi Bakı şəhərinin 22 orta məktəbində təcrübə keçmişlər.