ADU-nun Konfutsi İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş “Azərbaycan və Çin uşaqlarının tərbiyəsi ənənələri” mövzusunda tələbə elmi seminarı keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposunda ailə ənənələrinə verilən yüksək dəyər haqqında danışıb. Bildirilib ki, oğuzlar üçün ailənin əsas dəyəri uşaqlar sayılırdı, valideynlərin vəzifəsi onların fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirmək idi. R.Abbasov, eyni zamanda, uşaqların yetişdirilməsində konfutsizmin rolundan danışıb, dahi Çin filosofu Konfutsinin “Dövlət böyük bir ailədir, ailə isə kiçik bir dövlətdir” sözlərini xatırladıb.
Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Çen Siaocen “Uşaqlıq dövründən təhsil”, “Sevgi və şiddət”, “Dürüstlük”, “Valideynlərin şəxsi nümunəsi” kimi prinsiplərə əsaslanaraq Çində ailə təhsilinin ənənələri haqqında danışıb. Qeyd edilib ki, Çinin ənənəvi təhsili müstəqil, çalışqan, nəzakətli və sədaqətli uşaqların yetişdirilməsini qarşıya məqsəd qoyub.