ADU-nun Konfutsi İnstitutunda “Çin nikahı” mövzusunda elmi seminar keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Konfutsinin həyatı və təlimləri” silsiləsindən “Çin nikahı” mövzusunda növbəti tələbə-elmi seminarı keçirilib. Seminar müasir Çin gənclərinin bayramı - Subaylar Gününə həsr olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Konfutsi təlimi ilə evliliyin ənənəvi Çin ailəsi və cəmiyyəti üçün insanda yüksək mənəvi keyfiyyətlərin yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. O, Çin nikah mərasiminin mənşəyi ilə bağlı əfsanələrdən, ənənəvi evlilik ritualının 6 ayinindən danışıb. R.Abbasov Çinin siyasi tarixində ölkəni hakim imperatorun analarının idarə etdiyini, qədim türklərin hökmdarları imperator nəslindən olan qadınları həyat yoldaşları seçdiklərini də qeyd edib.
Seminarda Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva da Çində hər il noyabrın 11-də qeyd olunan Subaylar Günü bayramının tarixi barədə məlumat verib. Bildirib ki, bu tarixi gün Çin numerologiyasına görə yeni tanışlıqlar və münasibətlər qurmaq üçün ilin ən əlverişli günlərindən biri hesab olunur.