Ağcabədi pambıq istehsalına görə respublika üzrə birinci yerdədir
Ağcabədi, 24 yanvar, AZƏRTAC
Ağcabədi pambıq istehsalına görə respublika üzrə birinci yerdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayonunda 2022-ci ildə pambıq yığımının yekunlarına həsr olunmuş yığıncaqda ətraflı məlumat verilib.
Yığıncaqda rayon icra hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, pambıq istehsalçıları, fermerlər, pambıqçılıq şirkətlərinin nümayəndələri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov son illər pambıqçılığın inkişafının prioritet məsələ kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. 2022-ci ildə respublikanın pambıqçılıq rayonları arasında ən çox pambıq Ağcabədidə istehsal edilib.
Ağcabədi Dövlət Aqrar İnformasiya Mərkəzinin direktoru Abbas Süleymanov çıxışında bildirib ki, 2022-ci təsərrüfat ilində Ağcabədi rayonunda 11 min 838,58 hektar sahədə çiyid səpini aparılıb, sahələrdən 40 min 362,43 ton məhsul toplanıb. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3,7 sentner çoxdur.
Müşavirədə digər çıxış edənlər pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən, 2022-ci ildə çiyid səpini, becərmə işləri, suvarma suyu ilə təminat, məhsul yığımı kimi məsələlərdən danışıblar. Diqqətə çatdırılıb ki, rayonun Ağabəyli, Cəfərbəyli, Hacıbədəlli, Qaravəlli, Xocavənd, Təzəkənd, Kürdlər, Şahsevən, Şahsevən-Təzəkənd və Kəbirli kəndlərində hər hektar sahədən orta hesabla 40 sentner və daha çox məhsul əldə olunub.
Həmçinin müşavirədə 2023-cü ildə pambıq əkini üçün tədarükçü şirkətlər tərəfindən fermerlərlə müqavilələrin bağlanmasından, erkən şum aparılmış sahələrdə qış aratının aparılmasının əhəmiyyətindən də danışılıb, pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, əkin zamanı yaranan bəzi çətinliklər və həlli yolları, qarşıda duran vəzifələr müzakirə edilib.