REGİONLAR
Ağcabədidə konfrans: Heydər Əliyev və Azərbaycan gəncliyi
Ağcabədi, 3 may, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisi, Ağcabədi Regional “ASAN xidmət” Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin və Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rəsm sərgisinə baxış keçiriblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin həyat yolunu əks etdirən videoçarx izlənilib.
Tədbirdə Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin direktor müavini Şamxal Həsənov, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisinin əməkdaşı Fəridə Ağayeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Mövsümov, Uşaq İncəsənət Məktəbinin direktoru Günel Kərimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi Aygün Əlizadə çıxış edərək, Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıblar. Bildirilib ki, Ümummilli Lider tərəfindən gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edilib. Gənclərin sosial, iqtisadi və digər sahələrdə mövcud olan problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları, inkişaf strategiyaları qəbul edilib. Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilib. Bu gün Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam etdirilir.
Tədbir konsert proqramı ilə davam edib.