REGİONLAR
Ağdam sakini: Ulu Öndərlə görüşümüz, onun sadəliyi, mehribanlığı bizdə böyük təəssürat oyatdı

Ağdam, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ulu öndər Heydər Əliyev tez-tez respublikanın bölgələrinə səfərlər edər, əmək adamları ilə görüşərdi. Odur ki, kəndlərdə yaşayan yaşlı nəslin nümayəndələrinin Ulu Öndərlə bağlı gözəl xatirələri var.
Bu sözləri Ağdam rayon Xındırıstan kənd sakini Əliabbas Eyvazov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Heydər Əliyevin kənd zəhmətkeşləri ilə görüşlərindən birinin iştirakçısı olan Ə.Eyvazov həmin günü belə xatırlayır: “Ulu öndər Heydər Əliyev 1972-ci ildə kəndimizə gələrək, pambıq tarlalarını gəzdi, əməkçilərlə söhbət etdi, qayğıları ilə maraqlandı. Sonra isə kənd təsərrüfatı texnikaları parkına baş çəkdi və orada çalışanlarla bir-bir görüşdü. Mən orta məktəbi yenicə bitirib çilingər köməkçisi işləyirdim. Ulu Öndər bir kənarda dayanan ustama və mənə müraciət edib, “Bəs siz niyə mənimlə görüşmürsünüz”, - deyə soruşdu. Ustam əllərini göstərib “Əllərimiz mazutludur, yoldaş Əliyev. Ona görə”, - dedi. Ulu Öndər mehribanlıqla gülümsəyib, “Elə əsl sıxılmalı sizin əllərinizdir, zəhmətkeş əlləri”, - dedi və bizə yaxınlaşdı. Əlimizi sıxıb işimizə uğurlar arzuladı. Həmin görüş, bu böyük insanın sadəliyi, mehribanlığı bizdə böyük təəssürat oyatdı və xoş xatirə kimi yaddaşıma həkk olundu”.