“AĞDAŞ ŞƏHƏRİNDƏ SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMİNİN YENİDƏN QURULMASI LAYİHƏSİ” TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Ağdaş şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi”nin icrasına başlanılmışdır. Aprelin 17-də Ağdaş Rayon İcra Hakimiyyətində layihənin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev açaraq, bu layihənin ağdaşlılar üçün son dərəcə mühüm əhəmiyyət kəsb etməsindən danışmış, onun həyata keçirilməsinə verdiyi dəstəyə görə ölkəmizin Prezidenti İlham Əliyevə Ağdaş əhalisi adından minnətdarlığını bildirmişdir.
“Azərsu” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Mirkamil Seyidov, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi Fərəc Hüseynbəyov, “Azərbaycan Respublikasında kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi”nin idarəetmə qrupunun rəhbəri Azad Şərifov çıxış edərək, regionlarda sosial infrastrukturun bərpası, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məsələlərinin dövlətimizin daim diqqət mərkəzində olmasından danışmışlar. Natiqlər 2008-ci ilin aprelindən 2011-ci ilin mart ayınadək həyata keçiriləcək bu layihə çərçivəsində rayonun Qolqəti kəndində 4 artezian quyusunun qazılacağını, su anbarlarının tikiləcəyini, mövcud supaylayıcı sistemin yeni borularla, uc su qülləsi və xlorlaşdırıcı qurğu ilə təmin olunmuş sistemlə əvəz ediləcəyini bildirmişlər.
Layihənin həyata keçirilməsi prosesi və mərhələləri barədə ətraflı məlumat verən A.Şərifov qeyd etmişdir ki, Ağdaş şəhərindəki mövcud supaylayıcı sistemdə yaranan sızmalar suyun ən azı 75 faizinin itkisinə səbəb olur və bu baxımdan həmin boruların bərpası və təmiri məqsədəuyğun deyildir. Layihə çərçivəsində yeni magistral kanalizasiya kollektorları, küçə kanalizasiya boruları çəkiləcək, nasos stansiyası, çirkab sularının təmizlənməsi üçün yeni qurğular inşa ediləcək, bioloji gölməçələr yaradılacaqdır. Ağdaş şəhərində tutumu 750 kubmetr olan 3 yeni dəmir-beton konstruksiyalı anbar inşa olunacaqdır. Su nasoslar vasitəsilə artezian quyularından anbarlara vurulacaq və burada xlorlanacaqdır. Yeni sutəmizləyici qurğu inşa olunacaq və şəhərin 48 kilometrlik içməli su boruları dəyişdiriləcəkdir. Layihəyə uyğun olaraq, Ağdaşın kanalizasiya şəbəkəsi də yenidən qurulacaq, mövcud borular təmir ediləcək və yeniləri ilə əvəz olunacaqdır.
Sonra bu işlərin görüləcəyi ərazilərlə tanışlıq olmuşdur. Məlumat verilmişdir ki, artezian quyularının qazılması, su anbarlarının, nasosxananın, təmizləyici qurğuların, bioloji gölməçələrin və anbarların tikilməsi üçün müvafiq torpaq sahələri ayrılmışdır.
Bildirilmişdir ki, “Azərbaycan Respublikasında kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” ilkin olaraq hazırda Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində həyata keçirilir. Bu məqsədlə Asiya İnkişaf Bankı 30 milyon, Azərbaycan Hökuməti isə 9,9 milyon dollar vəsait ayırmışdır.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçisi Rəhim Məmmədov və Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev iştirak etmişlər.