AĞSTAFA TİKİŞ FABRİKİ YÜNGÜL SƏNAYENİN ƏN BÖYÜK MÜƏSSİSƏLƏRİNDƏN BİRİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 24-də Prezident İlham Əliyev “Akkord” şirkətlər qrupunun Ağstafadakı tikiş fabrikinin açılışı mərasimində iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını böyük hörmətlə qarşıladı.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Almaniya və Türkiyədən gətirilmiş müasir avadanlığın quraşdırıldığı fabrikdə uşaq, qadın və kişi paltarları, idman geyimləri, iş paltarı tikilir. Orta aylıq əmək haqqı 300-350 manat təşkil edir.
İlkin mərhələdə min nəfər işçi cəlb olunmuşdur. Ayda 80 min geyim istehsal edəcək fabrikdə gələcəkdə 1500 nəfər işləyəcəkdir. Fabrikin yataqxanası və yeməkxanası da var. Bu, “Akkord”un ikinci tikiş fabrikidir. Digəri Qaradağ rayonunun Lökbatan qəsəbəsindədir.
Dövlətimizin başçısı istehsal sahələrini gəzdi, avadanlıqla, müəssisənin iş prinsipi ilə tanış oldu, hazır məhsul nümunələrinə baxdı.
Prezident İlham Əliyev fabriklə tanışlıqdan sonra işçiləri təbrik edərək dedi ki, burada işləmək üçün çox gözəl şərait yaradılmışdır. Ən müasir avadanlıq quraşdırılmışdır. Yəni, burada işləmək sizin üçün xoş olmalıdır. Əminəm ki, siz səmərəli işləyəcək və Azərbaycanın bütün regionlarının, o cümlədən Ağstafa rayonunun inkişafına öz töhfənizi verəcəksiniz. Azərbaycanda yaradılan yeni müəssisələr ölkəmizi gücləndirir, həm də yeni iş yerləri açılır. Xüsusilə bu fabrikdə qadınlar işləyəcəklər ki, bu da çox vacibdir. Həm də bu müəssisə rayonda güclü iqtisadi və sənaye potensialı yaradır. Əminəm ki, siz burada çox yaxşı məhsullar istehsal edəcəksiniz. Sizi təbrik edir və uğurlar arzulayıram.
X X X
Bununla da Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |
![]() |


