Ağstafada şəhid Elnur Həsənovun xatirəsinə bulaq inşa edilib
Bakı, 9 aprel, AZƏRTAC
Ağstafa şəhərinin Üzeyir Hacıbəyli küçəsində 44 günlük Vətən müharibəsi şəhidi Həsənov Elnur Elman oğlunun xatirəsinə bulaq inşa olunub.
AZƏRTAC xəbər verir ki, bulağın açılışında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin valideynləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidimizin xatirə lövhəsi önünə tər qərənfillər düzüblər.
Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb.
Qeyd edək ki, Elnur Həsənov 1992-ci il sentyabrın 15-də Ağstafa şəhərində anadan olub. O, Vətən müharibəsində Füzuli, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 8-də Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə şəhadətə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.