AĞSTAFALILAR 2006-CI İLİ UĞURLA YOLA SALMIŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin 2006-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər çiçək dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
İclasda rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayevin hesabat məruzəsi dinlənilmişdir. O bildirmişdir ki, ötən il iqtisadiyyatın əsas sahələrində ümumi məhsul istehsalı və xidmətlərin həcmi 2005-ci illə müqayisədə 17,8 faiz artaraq 44,6 milyon manata çatmışdır. Hesabat ilində rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas əvvəlki ildəkindən 34,2 faiz çox investisiya yönəldilmişdir. Rayonda 1307 iş yeri yaradılmışdır. Bunların 881-i daimidir. Tikinti, nəqliyyat, rabitə, ticarət və sair xidmət sahələrində də xeyli artım əldə edilmişdir.
Natiq rayonda təhsil, səhiyyə və mədəniyyət məsələlərindən də danışmışdır. Məlumat vermişdir ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Aşağı Kəsəmən kəndində 480, Qırılı kəndində 240, Yenigün kəndində 220, Saloğlu kəndində 200, Köçəskər kəndində 240, Köhnə Qışlaq kəndində 60, Ağgöl kəndində 100, Qıraq Kəsəmən kəndində 120 yerlik məktəb binaları inşa olunaraq istifadəyə verilmişdir.
Məruzəçi bildirmişdir ki, ötən il kəndarası yolların yenidən qurulması, şəhər, rayon, kənd və qəsəbələrdə quruculuq-abadlıq işlərinin aparılması üçün dövlət tərəfindən 300 min manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına M.Ə.Rəsulzadə, 20 Yanvar, Mehdi Mustafayev küçələri abadlaşdırılmış, bir körpü inşa olunmuşdur.
Məruzə ətrafında çıxışlarda hesabat dövründə görülən işlər barədə fikir və mülahizələr söylənilmişdir.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Hesabat yığıncağında respublikanın baş prokuroru Zakir Qaralov və Milli Məclisin deputatı Nizami Cəfərov iştirak etmişlər.