Ağsuda 20 Yanvar hadisələrinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Ağsu, 17 yanvar (AZƏRTAC). Ağsu Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, elmi-praktik konfransdakı məruzə və çıxışlarda 24 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələri tərəfindən əliyalın insanların, o cümlədən uşaq və qadınların, qocaların amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılaraq, bu hadisənin tariximizin qanla yazılmış səhifələrindən biri olduğu vurğulanmışdır.
Qeyd edilmişdir ki, hadisənin səhəri günü ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, başda M.Qorbaçov olmaqla terror aktına qərar verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı tarixi cinayət adlandırmışdır. Natiqlər 20 Yanvar faciəsinə əsl siyasi qiymətin də ilk dəfə məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, 20 Yanvar hadisələri, eyni zamanda, xalqımızın yenilməzliyini, vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya sübut etmişdir. Məhz bu əzmin, yenilməzliyin sayəsində Azərbaycan xalqı öz müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.