AĞSUDA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının, XX əsrin əvvəllərində başlanmış və Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalq Cümhuriyyəti həmçinin yüksək istedad və qabiliyyəti, özünəməxsus zəngin mədəniyyəti ilə seçilən xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və idarəçilik potensialının göstəricisi oldu.
AZƏRTAC xəbər verir ki, bu sətirlər mayın 26-da Ağsuda rayon ictimaiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr edilmiş təntənəli yığıncağında səsləndirilmişdir.
Rayon İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Akif Mirzəyev “Şərqdə ilk demokratik respublika” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması mühüm işlər idi. Demokratik dövlət quruculuğu, hərbi quruculuq, habelə iqtisadiyyat, mədəniyyət, təhsil sahələrində atılmış addımlar Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir.
Natiqlər Xalq Cümhuriyyətinin ağır tarixi şəraitdə misilsiz xidmətlərini sadalayaraq bu xidmətlərə ümummilli lider Heydər Əliyevin həmişə həssaslıqla və diqqətlə yanaşdığından, 28 Mayın ən əziz ümummilli bayram kimi qeyd olunduğundan iftixar duyduqlarını vurğulamışlar.