Ağsuda təşkil olunan dəyirmi masada azərbaycanlıların soyqırımı konkret faktlarla şərh edilib
Ağsu, 29 mart, AZƏRTAC
1828-ci il martın 21-də rus imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” yaradılması haqqındakı qərarı Azərbaycan türkləri üçün gələcək dəhşətli günlərin əsasını qoyub. XX əsrin əvvəllərindən etibarən xalqımıza qarşı kütləvi qətliamlar törədən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün hər cür fıtnə-fəsada, cinayətə əl atıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər martın 29-da Ağsu Rayon İcra Hakimiyyətində ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada səsləndirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, başçının birinci müavini Rasim Novruzov, ziyalı Tahir Xası və başqaları dəyirmi masada çıxış edərək erməni daşnaklarının zaman-zaman törətdikləri qətliamlardan, həyata keçirdikləri məkrli planlardan danışıblar. Natiqlər Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edən erməni soyqırımına diqqəti cəlb edərək vurğulayıblar ki, həmin dövr ərzində qəzada 106 kənd yandırılıb və dağıdılıb. Erməni hücumları zamanı və əsirlikdə 10341 nəfər insan həlak olub ki, bunların da 4359 nəfəri qadın və uşaqlardır.
Dəyirmi masada Xocalı soyqırımından, Azərbaycan torpaqlarının 20 faizinin işğalından da ətraflı danışılıb. Çıxışlarda Dağlıq Qarabağın işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi diqqətə çatdırılaraq, bu qətnamələrin dünyanın aparıcı dövlətlərinin ikili mövqeyi səbəbindən hələ də yerinə yetirilmədiyi bildirilib. Vurğulanıb ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin erməni daşnaklarının məkrli niyyətinin qarşısının alınması, xalqımıza qarşı törədilən soyqırımının dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardıqları ardıcıl və məqsədyönlü mübarizə artıq öz nəticələrini verməkdədir.