CƏMİYYƏT
AHİK tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları verilib





Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmüş Vətən şəhidlərinin ailə üzvləri və qazilərlə görüşüb.
AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş iştirakçılarını qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edən Səttar Möhbalıyev ölkəmizin tarixi günlər yaşadığını, ötən ilin xalqımız, dövlətimiz üçün uğurlu keçdiyini diqqətə çatdırıb. Bildirib ki, bu il yenilməz Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda antiterror tədbirləri həyata keçirərək separatizmin kökünü birdəfəlik kəsib və bununla da ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi tam təmin olunub. Artıq üçrəngli bayrağımız Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavəndə dalğalanır.
Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə olan diqqət və qayğıdan söz açan AHİK sədri vurğulayıb ki, illər keçsə də, Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirələrini dərin ehtiramla yad edəcək.
Şəhid ailələrinin üzvləri və qazilər həm dövlətimiz, həm də xalqımız tərəfindən onlara olan ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Onlar hərtərəfli dəstək üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda AHİK tərəfindən iştirakçılara pul vəsaiti və bayram sovqatları verilib. Eləcə də şəhid və qazi övladlarına bayram şənliklərində iştirak etmək üçün biletlər paylanılıb, hədiyyələr təqdim olunub.
Qeyd edək ki, görüşdə 70-ə yaxın şəhid ailəsinin üzvü və qazi iştirak edib.