Aİİ-də qış imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüş təşkil olunub. Həmçinin qış imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını vurğulayıb. Rektor Aİİ-nin təlim-tərbiyə istiqamətində mütəmadi olaraq işlər gördüyünü nəzərə çatdırıb. İnstitutun qarşıda duran məqsədlərindən söz açaraq, gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, həmçinin onlara ölkənin ictimai-siyasi həyatında fəal olmağı tövsiyə edib.
Rektor Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını ən vacib addımlardan biri kimi dəyərləndirib. Aİİ-də dövlətin qayğı və təminatı ilə lazımi şəraitin yaradıldığını qeyd edən rektor tələbələri dərslərdə fəallıq göstərməyə, dil bilgilərinə yiyələnməyə, savadlı, intellektual gənclər olmağa səsləyib.
İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bunun davamlı olacağını bildirən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb.
Aİİ-nin ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələri tədris prosesində fəal iştiraka dəvət edib. Bildirib ki, dövlət rəhbərliyinin qayğısı nəticəsində təsis edilən Azərbaycan İlahiyyat İnstitutu ölkədə sabitliyin, multikultural və tolerant dəyərlərin qorunmasına, dini tarazlığın təmin olunmasına öz töhfəsini verməyə çalışacaq.
Mirniyaz Mürsəlov qeyd edib ki, gənclərin üzərinə düşən vəzifə onlara yaradılan lazımi şəraitdən maksimum yararlanıb, göstərilən etimadı doğrultmaqdır.