AİLƏ KƏNDLİ TƏSƏRRÜFATLARINA İNFORMASİYA VƏ MƏSLƏHƏT XİDMƏTLƏRİ TƏŞKİL EDİLİR
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin dəstəyi ilə ailə kəndli təsərrüfatlarına və kənd təsərrüfatında fəaliyyət göstərən digər sahibkarlara informasiya və məsləhət xidmətlərinin göstərilməsi, xidmətlər sisteminin milli (respublika) və regional səviyyədə yaradılmasına əsaslanan xidmətin təşkili davam etdirilir. Kənd Təsərrüfatının informasiya və məsləhət xidmətləri sistemi hazırda beş Regional Məsləhət Mərkəzi (RMM) (Naxçıvan, Gəncə, Şəki, Masallı, Beyləqan) və onların tərkibində fəaliyyət göstərən 110 kənd təlim mərkəzi, bu proqramın idarə edilməsini həyata keçirən və Bakı şəhərində yerləşən İnformasiya və Məsləhət Mərkəzindən ibarətdir.
İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi çərçivəsində Azərbaycanın bütün regionlarına informasiya və məsləhət xidmətləri sisteminin göstərilməsi təmin ediləcəkdir. Layihə üzrə beş yeni regional mərkəz yaradılacaqdır. İlk növbədə Şamaxı və Salyan RMM-in yaradılması nəzərdə tutulur. Birinci mərkəzin fəaliyyəti Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarını, Salyan RMM fəaliyyəti isə Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayonlarını əhatə edəcək.
Göstəriləcək xidmətlərə ailə kəndli təsərrüfatları, sahibkarların təlim ehtiyaclarının müəyyənləşdirilməsi, marketinqə dair təlim və məsləhətlərin verilməsi, mütərəqqi təcrübənin digər təsərrüfatçılarda yayılması, maraq qrupları arasında təcrübə mübadiləsinin təşkil edilməsi, müvafiq elmi-tədqiqat müəssisələri və müvafiq təşkilatlarla, mütəxəssislərlə əlaqələrin qurulması, ərazi aqrar zona təcrübə stansiyalarının uğurlu təcrübələrinin nümayiş etdirilməsi və s. daxildir.