AKADEMİK AKİF ƏLİZADƏNİN ÇIXIŞI
Təsis konfransının hörmətli iştirakçıları! Xanımlar və cənablar! “Yeni Azərbaycan naminə” ictimai hərəkatın təsis edilməsi üzrə təşəbbüs qrupu adından sizin hamınızı bu gözəl salonda salamlamaqdan böyük şərəf və qürur hissi duyuram. Bizim bu konfransın keçirildiyi salonun özü də əyani olaraq Azərbaycanın son 10 ildə anarxiyadan, xaosdan sabitliyə necə bir önəmli yol keçdiyini göstərir. “Yeni Azərbaycan naminə” ictimai hərəkatın yaradılması ilə bağlı qaldırdığımız təşəbbüs Azərbaycanımızın gələcəyi üçün birləşmək istəyimizdən irəli gəlir. Bizi də bura bir məqsəd, bir amal toplayıbdır. Bu, bizim hamımızın Vətənə olan məhəbbətimiz, Vətənə xidmət etmək arzumuzdur. Biz doğma Vətənimizi, canımızdan da əziz saydığımız Azərbaycanı sonsuz məhəbbətlə sevirik və ali bir məqsədimiz ondan ibarətdir ki, Odlar diyarı günü-gündən yeniləşsin, daim tərəqqi etsin və yüksəliş yolunda olsun. Yurdumuz hər zaman çiçəklənsin ki, bu yurdun, bu məmləkətin hər bir vətəndaşı kimi, biz də fərəh duyaq və qürur hissi ilə deyə bilək: “Bəli, biz Azərbaycan vətəndaşıyıq!”. On ildir ki, Azərbaycana rəhbərlik edən hörmətli cənab Heydər Əliyev bizi dünyaya tanıdır. On ildir ki, o, gündən-günə ölkəmizin nüfuzunu artırır. Onun bu illər ərzində gördüyü işləri sadalamaq üçün gərək saatlarla, günlərlə danışaq. Bu on ilin salnaməsi əslində Vətənə, xalqa əsl xidmət nümunəsidir. Bu on ildə Heydər Əliyev daim xalqa arxalanıb, xalq da bütün ümidlərini ona bağlayıbdır. Məlumdur ki, Azərbaycan Respublikasında bu il oktyabr ayının 15-də prezident seçkiləri keçiriləcəkdir. Buna görə də ölkəmizin bugünkü ictimai-siyasi ab-havasını qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri müəyyən edir. O da məlumdur ki, Azərbaycanın siyasi cəhətdən fəal təbəqəsi – bir sıra ictimai təşkilatlar, siyasi qurumlar, eləcə də Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının prezidentliyinə möhtərəm Heydər Əliyevin namizədliyini irəli sürmüşdür. Burada xüsusi vurğulamaq istəyirəm ki, əslində Heydər Əliyev ayrı-ayrı qurum və təşkilatların deyil, bütün Azərbaycan xalqının irəli sürdüyü namizəddir. Mən bütün varlığımla inanıram ki, bu seçim əslində Azərbaycanın gələcəyi naminə, yeniləşən, çiçəklənən Azərbaycan naminə düşünülərək edilən yeganə doğru-düzgün seçimdir. Xalqın qəlbində Heydər Əliyev Milli Ordunun yaradıcısıdır. Xalqın qəlbində Heydər Əliyev Qarabağı qaytarmağa qadir olan əvəzolunmaz şəxsiyyətdir. Xalqın qəlbində Heydər Əliyev yeni neft strategiyasının banisidir. Xalqın qəlbində Heydər Əliyev hüquqi-demokratik dünyəvi dövlətin qurucusudur. Bu qəbildən olan cümlələrin sayını hədsiz şəkildə artırmaq olar. Hamıya aydındır ki, insanlarımız on il bundan əvvəlki dövrün sarsıntılarını bir daha yaşamaq istəmirlər və onların yeganə istəyi Azərbaycanımızda bərqərar olan sabitliyi qoruyub saxlamaq, ölkənin tərəqqisinə nail olmaqdır. Xalqımızın qəlbində Heydər Əliyevin adı sözün həqiqi mənasında müstəqil Azərbaycanın xilaskarı, əzəmətli qurucusu kimi həkk olunmuşdur. Həqiqətən həyatının ən çətin dövrlərində belə, milli ideallara sadiq qalan və Azərbaycanın xoşbəxtliyi üçün çalışan Heydər Əliyevi yenidən öz dövlətinin başçısı kimi görmək arzusu ölkəsinin gələcəyini düşünən hər bir azərbaycanlının ürəkdən gələn arzusudur. Beləliklə, ölkə seçicilərinin prezident seçkilərində böyük əksəriyyətlə möhtərəm cənab Prezident Heydər Əliyevə səs vermək arzusu Azərbaycanda seçkiqabağı yaşanan əhvali-ruhiyyənin, əslində ümumxalq hərəkatının bir ifadəsi olduğunu söyləmək üçün əsas verir. Bu konfransın keçirilməsi ilə biz də demokratiyanın sağlam gücünə arxalanaraq bəyan edirik ki, xalqın ümumi rəyinə tam tərəfdar çıxan bir hərəkat kimi “Yeni Azərbaycan naminə” ictimai hərəkatı artıq mövcuddur. Azərbaycan cəmiyyətində özünəməxsus yerə sahib olacaq və daim milli maraqlardan çıxış edəcək bu hərəkat prezident seçkilərində Heydər Əliyevə səs verilməsi fikrinə yekdilliklə tərəfdar çıxdığını qəti və birmənalı şəkildə ifadə edir. “Yeni Azərbaycan naminə” hərəkatın iştirakçıları dövlətimizin qüdrətinin daha da artması və insanlarımızın rifahının yüksəlməsi naminə Heydər Əliyevi xalqın müdrik rəhbəri kimi yenidən prezident kürsüsündə görmək istəyirlər. Məhz bu ideya ətrafında ziyalılar arasında aparılan müzakirələr bizim təşəbbüs qrupumuzun yaranmasına gətirib çıxardı. Məhz bu fikirlə, bu ideya ilə biz Azərbaycan cəmiyyətinin geniş spektrini təmsil edən və artıq Heydər Əliyevin namizədliyini irəli sürən qeyri-hökumət təşkilatlarına müraciət etdik. Çox şadam ki, bu təşəbbüs belə bir geniş əks-səda verdi. Burada təmsil olunan bütün qurumların başçıları və nümayəndələrinə təşəbbüs qrupu adından öz minnətdarlığımızı bildiririk, “xoş gəlmisiniz” deyir və təsis konfransımızı açıq elan edirik. Diqqətinizə görə təşəkkür edirəm. İndi isə icazənizlə sözü təşəbbüs qrupunun üzvlərinə və çıxış üçün bizə müraciət edənlərə verirəm.