Akademik Asəf Hacıyev İspaniyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev İspaniyanın Toledo şəhərində keçirilən XV “İdarəetmə Elmləri və Mühəndislik İdarəçiliyi” (“Management Science and Engineering Management” (MSEM) mövzusunda onlayn beynəlxalq konfransda iştirak edib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, İspaniya, Türkiyə, ABŞ, Kanada, Yaponiya, Çin və digər ölkələrdən aparıcı alimlərin iştirak etdiyi tədbirdə akademik Asəf Hacıyev plenar məruzə ilə çıxış edib və kütləvi xidmət sistemlərində idarəetmə sahəsində aldığı son nəticələri iştirakçılar ilə bölüşüb.
Tədbirin sonunda A.Hacıyev təşkilatçıların xahişi ilə dünya şöhrətli riyaziyyatçı alim akademik Andrey Kolmoqorovun (A.Hacıyev akademik A.Kolmoqorovun M.V.Lomonosov adına Moskva Dövlət Universitetində yaratdığı və rəhbərlik etdiyi Fakültələrarası statistik metodlar laboratoriyasında 15 ildən artıq çalışıb) yaradıcılığı haqqında məlumat verib.
Qeyd edək ki, XV beynəlxalq konfransın materialları (“Proceding of the XV International Conference Management Science and Engineering Management”) “Springer” nəşriyyatında iki cilddə çap edilib və akademik Asəf Hacıyev bu əsərlərin redaktorlarından biri olub.