ELM VƏ TƏHSİL
Akademik: COP29 iqlim problemlərini həll etmək üçün konkret addımlar atmağa imkan yaradır
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda COP29-la bağlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib.
AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmasının nəticəsi olduğunu deyib.
Akademik inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirini azaltmaq imkanlarının məhdud olduğunu deyərək, inkişaf etmiş ölkələrin onlara bu istiqamətdə maliyyə dəstəyi göstərmələrinə ehtiyac olduğunu qeyd edib. G.Baxşəliyeva bildirib ki, COP29 konfransı iştirakçı ölkələrə yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmağa imkan yaradır.
İnstitutun aparıcı elmi işçilərindən Lalə Mikayılzadə və Saleh Dostəliyev tədbirdə çıxış edərək qlobal ekoloji problemlərdən danışıblar.