AKADEMİK ƏHMƏD MAHMUDOVUN ANADAN OLMASININ 85 İLLİYİ İLƏ ƏLAQƏDAR YUBİLEY MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 85 illiyi ilə əlaqədar yubiley mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin AMEA-nın foyesindəki büstünün önünə gül düzmüş, akademik Əhməd Mahmudovun həyatını, elmi fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlə tanış olmuşlar.
Mərasimi açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, akademik Əhməd Mahmudovun öz peşəsinin sirlərinə dərindən yiyələnmiş alim, istedadlı təşkilatçı, təvazökar, qayğıkeş və müdrik insan kimi tanınmışdır. Onun nəsillərə örnək olan xeyirxah işləri heç zaman unudulmayacaqdır. Çünki o, Vətəninə, xalqına, doğulub boya-başa çatdığı torpağa bağlılığı ilə onu tanıyanların qəlbində özünə abidə ucaltmışdır.
Yubiley mərasimində akademik Əhməd Mahmudovun xatirəsi bir dəqiqəlik sükutla anılmış, alimin həyatından və elmi fəaliyyətindən bəhs edən “Qoşa bahar salnaməsi” adlı bədii-sənədli film nümayiş olunmuşdur.
Mərasimdə Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov çıxış edərək demişdir ki, belə əlamətdar gündə, həyatını Azərbaycan iqtisadiyyatının elmi əsaslar üzərində inkişafına həsr etmiş, elmimizə böyük töhfələr vermiş Əhməd Mahmudovun yubiley mərasimində AMEA-da olmaqdan şərəf duyuram O, Əhməd Mahmudovun yağlı boya ilə çəkilmiş portertlərini alimin oğlu Eldar Mahmudova təqdim etmişdir.
Respublikanın tanınmış alimləri - akademiklər Asəf Nadirov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, Teymur Bünyadov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Budaq Budaqov, Toğrul Şahtaxtinski, AMEA-nın müxbir üzvləri Asəf Hacıyev və Şahbaz Muradov akademik Əhməd Mahmudovun yüksək insani keyfiyyətlərindən, elmi və ictimai fəaliyyətindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Bildirilmişdir ki, ölkəmizdə iqtisad elminin inkişafında böyük xidmətləri olan Əhməd Mahmudovun zəngin elmi və təşkilatçılıq fəaliyyəti bütünlüklə Azərbaycan Elmlər Akademiyasının iqtisadiyyat bölməsi və 1958-ci ildən bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur. O, 1958-1964-cü illərdə burada direktorun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək direktor işləmişdir.
1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş alim, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də onun əvəzsiz xidmətləri olmuşdur.
Vurğulanmışdır ki, akademik Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, elmi məqalələrin və metodik vəsaitlərin müəllifidir. Həmin materialların bir hissəsi “Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabında toplanaraq bu günlərdə çap olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublika iqtisadiyyatının yenidən qurulması, kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi, ümumən aqrar siyasətin həyata keçirilməsi işinin elmi əsaslarının hazırlanmasında iqtisadçı alimlərin önəmli xidmətləri olmuşdur. Əhməd Mahmudov tədqiqatlarında sübut edirdi ki, kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın yenidən qurulması üçün sərf edilən maddi-maliyyə resursları yüksək səmərə ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, uzun müddət Əhməd Mahmudov kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi problemləri və digər sahələrdə geniş tədqiqat işləri aparan ən görkəmli sovet alimlərindən biri hesab olunmuşdur. Alimin tədqiqatlarının bu gün də aktuallığını saxladığı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Dövlət proqramının reallaşması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Mərasimdə çıxış edən akademik Əhməd Mahmudovun oğlu, milli təhlükəsizlik naziri Eldar Mahmudov atası haqqında söylənən xoş sözlərə görə minnətdarlığını bildirərək demişdir ki, bu, ümumən Azərbaycan elminə, alimlərinə verilən yüksək qiymətdir.
Atasının “Torpaq - Ana, Vətən kimi müqəddəsdir” fikrini xatırladan E.Mahmudov bu gün döğma torpağımızı, Vətənimizi hamıya, xüsusən gənclərə sevdirmək lazımdır. Azərbaycançılıq, vətənpərvərlik və ulu öndərin sönməz amalları daim yaşayacaqdır.
Eldar Mahmudov atasının xatirəsinə, ümumilikdə Azərbaycanın elm xadimlərinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
######
